Tarixin müxtəlif dövr və zamanlarında on minlərlə peyğəmbər göndərilmiş və insanların hidayət və tə’lim-tərbiyəsində özlərinin parlaq rollarını ifa edərək bəşər cəmiyyətinin mə’nəviyyatında çox dərin izlər qoymuşlar. Onların hərəsi müəyyən bir qrup insanı düzgün əqidə və yüksək dəyərlər əsasında tərbiyə etmiş, başqalarına da dolayı yollarla tə’sir göstərmişdir. Bə’ziləri tövhid və ədalət əsasında bir cəmiyyət də yaradıb ona rəhbərlik etməyi öhdələrinə ala bilmişlər.
Onlardan həzrət Nuh (ə), həzrət İbrahim (ə), həzrət Musa (ə), həzrət İsa (ə) Mütəal Allah tərəfindən fərdi və ictimai qayda-qanunlara, hökmlərə, zaman şəraitinə uyğun olan qanuni və əxlaqi vəzifələrə şamil olan kitabları insanlara çatdırmışlar. Amma bu kitablar ya zamanın keçməsi ilə tamamilə məhv olub aradan getmiş, yaxud da mə’na və sözlərində çoxlu təhriflərə mə’ruz qalmışdır. Nəticədə asimani şəriətlər və ayinlər məsx olunmuş, tam dəyişdirilmiş bir vəziyyətə düşmüşlər. Məsələn, həzrət Musaya (ə) nazil edilmiş Tövratda çoxlu təhriflər edilmişdir, “İsanın İncili” adlı bir şey qalmamış, o Həzrətin (s) ardıcıllarından sayılan bə’zi şəxslərin əlyazmaları toplanaraq “Müqəddəs kitab” adı ilə təqdim olunmuşdur.